Keçid linkləri

2025, 16 İyul, çərşənbə, Bakı vaxtı 21:10

Deputat Razi Nurullayevlə İmişli sakini arasında məhkəməyə daşınan qalmaqal


Razi Nurullayev
Razi Nurullayev

Parlamentdə İmişli rayonunu təmsil edən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev bu rayonun sakini Nadir Şirinovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. İddia edilir ki, N.Şirinov deputatın özündən və xanımı Könül Ağayevadan şikayətlərində onların şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli bilgilər yayıb.

N.Şirinov bir sıra dövlət qurumlarına, media orqanlarının redaksiyalarına ünvanladığı məktublarda Laçın rayonundakı tikintidə çalışsa da, pullarını tam ala bilmədiyinə diqqət çəkib. Şikayətçinin iddiasına görə, çalışdığı şirkət deputat R.Nurullayevlə yaxınlarına məxsusdur: "Deputat Razi Nurullayevin qardaşları - Hacı Hasil, Hüseyn və həyat yoldaşı Könül xanım orada bizimlə danışıq apardılar. Biz gedəndə orada başqa heç bir şirkət yox idi. İşə başlayan vaxt heç normal texnika da yox idi, çox əziyyət çəkdik. Texnikanın edə biləcəyi hər işi əllərimizlə görürdük".

Milli Cəbhə Partiyasının adından İmişli rayon Məhkəməsində N.Şirinova qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb və onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələriylə cəzalandırılması tələb olunub. Məhkəmə iddiasında vurğulanıb ki, şikayətçinin R.Nurullayev haqqında dedikləri böhtandır: "İstisna olunmur ki, yalan olduğunu bilə-bilə, belə məlumatlar yaymaqla partiyanın və Razi Nurullayevin şəxsi nüfuzuna xələl gətirməyə cəhd göstərməsi sifarişlidir. Seçildiyi İmişli rayonda deputat fəaliyyətinə kölgə salmaq niyyəti daşıyır. Ona görə də Nadir Şirinovun əməllərinə hüquqi qiymət verilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır".

N.Şirinovsa deyir ki, Milli Cəbhə Partiyası haqqında heç vaxt heç bir məlumat yaymayıb. O, partiyanın sədrinə müraciət edərək öz haqqını istədiyini söyləyir.

Məhkəmə iddianın Milli Cəbhə Partiyası adından qaldırıldığını nəzərə almaqla, ancaq N.Şirinovun partiyaya qarşı heç bir ittiham səsləndirmədiyini əsas gətirməklə onu icraata götürməyib.

XS
SM
MD
LG