ABŞ prezidenti Donald Tramp bu ilin yanvarında vəzifəyə qayıtdıqdan sonra ilk dəfə olaraq prezident səlahiyyətindən yararlanaraq Kiyevə silah göndərəcək. Prezident Trampın müvafiq planı ilə tanış olan iki mənbə bu barədə "Reuters"ə bildirib. Eks-prezident Co Bayden bu səlahiyyətdən tez-tez istifadə edib.
Trampın bu addımı onun Ukraynanın müdafiəsində maraqlı olduğuna işarədir.
Mənbələr bildirib ki, Trampın komandası Prezidentin Silahların Təcili Çıxarılması Səlahiyyəti (Presidential Drawdown Authority) əsasında Ukraynaya göndərilmək üçün ABŞ-nin mövcud silah ehtiyatlarından uyğun silah və sursatları seçəcək. Mənbələrdən biri bu silahların dəyərinin 300 milyon dollar ola biləcəyini qeyd edib.
Bu həftənin əvvəlində prezident Tramp deyib ki, ABŞ Rusiyanın güclənən hücumlarından müdafiə olunmaq üçün Ukraynaya daha çox silah göndərəcək.
Mənbələr bildiriblər ki, hərbi yardım paketinə "Patriot" raketləri və ortamənzilli hücum raketləri daxil ola bilər, lakin dəqiq hansı silah-sursatın göndəriləcəyi ilə bağlı hələ qərar verilməyib.
İndiyədək Tramp administrasiyası Ukraynaya yalnız keçmiş prezident Co Bayden tərəfindən təsdiqlənmiş silahları göndərib. Prezidentin adıçəkilən səlahiyyəti ona fövqəladə vəziyyətlərdə müttəfiqlərə yardım məqsədilə ABŞ-nin silah ehtiyatlarından birbaşa istifadə etməyə imkan verir.
Pentaqon və Ağ ev məsələ ilə bağlı sorğuya dərhal cavab verməyib.
Prezident Trampın Ukraynanın müdafiəsinə dair mövqeyi isə indiyə qədər qeyri-sabit olub. O, bəzən ABŞ-nin Ukraynaya hərbi yardımını tənqid edib və Rusiya haqqında müsbət danışıb, lakin, eyni zamanda, bəzən Kiyevə dəstəyini ifadə edib və Kremlə qarşı sərt tənqidlər səsləndirib.
Vaşinqtonun ABŞ prezidentinin müvafiq səlahiyyəti çərçivəsində Ukrayna üçün hələ 3.86 milyard dollar dəyərində yardımı qalır. Bu mexanizm üzrə son yardım yanvarın 9-da prezident Bayden tərəfindən elan edilmiş 500 milyon dollarlıq paket olub.
Ukraynanın əsas prioritetləri arasında isə "Patriot" sistemləri və GMLRS mobil reaktiv artilleriya sistemləri yer alır və bu silahlar yeni yardım paketinə daxil edilə bilər. Bu silahların Avropada yerləşdirilmiş ehtiyatlardan götürülməsi sayəsində onların bir neçə gün ərzində cəbhə bölgəsinə çatdırılması mümkündür.
ABŞ Konqresi Rusiyanın tammiqyaslı işğalından sonra keçən 3 il yarım ərzində Ukrayna və müttəfiq dövlətlərə 175 milyard dollar yardım və hərbi yardımı təsdiqləyib.