ABŞ prezidenti Donald Tramp iyulun 8-də hökumət kabinetinin Ağ evdə keçirilən iclasında bəyan edib ki, o, Rusiya prezidenti Vladimir Putindən narazıdır və Ukraynadakı müharibəni dayandırmaq istəmədiyinə görə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
Trampın sözlərinə görə, Putin "bizə çoxlu cəfəngiyat danışıb". ABŞ dövlət başçısı vurğulayıb ki, rusiyalı həmkarı onunla "nəzakətlə" davranır, lakin Trampın dediyinə görə, bu, əslində "heç bir əhəmiyyət kəsb etmir", çünki çox sayda insan ölməyə davam edir.
Rusiyanın son hərəkətlərinə necə cavab verəcəyi ilə bağlı suala cavabında ABŞ prezidenti Tramp bildirib ki, o, "kiçik sürpriz" edə bilər. Prezident deyib ki, bir qrup senator tərəfindən Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar haqqında qanun layihəsini öyrənir. Trampın sözlərinə görə, həmin sənədin qəbul edilməsi onun bu məsələ ilə bağlı rəyindən asılı olacaq.
Prezident həmçinin ABŞ-nin Ukraynaya silah tədarükündəki rolunu bir daha vurğulayaraq bildirib ki, Amerika silahları sayəsində Kiyev, bir çoxlarının proqnozlaşdırdığı kimi, üç-dörd gün ərzində müharibədə təslim olmayıb. Tramp qeyd edib ki, o, yaxın zamanda Ukraynaya yeni müdafiə təyinatlı silahların göndərilməsini təsdiqləyib, çünki "Putin insanlara qarşı düzgün davranmır. O, həddindən artıq çox insan öldürür".
Prezident Trampın bu fikirləri Pentaqonun açıqlamaları fonunda səslənib. Pentaqon bildirib ki, ABŞ "ukraynalıların özlərini müdafiə etmək qabiliyyətini təmin etmək məqsədilə" bu ölkəyə əlavə silahlar göndərir və davamlı sülhə nail olmaq, qətllərə son qoymaq üçün çalışır.
"Axios" saytı Tramp administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Ağ evin rəhbəri Ukrayna prezidenti Volodimir Zelenskiyə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün dərhal 10 raketin Kiyevə göndəriləcəyinə söz verib. Bu bəyanat Tramp ilə Zelenski arasında ötən həftə baş tutmuş telefon danışığı zamanı səslənib. "Axios"un mənbələri həmçinin qeyd edib ki, Tramp Ukrayna liderinə digər tədarük yollarının tapılmasında da yardım etməyə söz verib. Xüsusilə qeyd olunur ki, Vaşinqton Almaniyadan ABŞ-də istehsal olunmuş "Patriot" sistemlərini alaraq onları Ukraynaya ötürməyini istəyir.