Türkiyə hakimiyyəti istifadəçilərin sorğularına cavablarında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlədildiyini əsas gətirərək "Grok" çat-botunu bloklayıb. Bu çat-bot İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanaraq X sosial şəbəkəsinə inteqrasiya olunub.
Ankara baş prokurorunun məsələ ilə bağlı istintaqın başlanması barədə göstəriş verdiyi bildirilir. Bu, Türkiyədə süni intellekt çat-botunun qadağan edilməsi ilə bağlı ilk haldır.
Son günlərdə "Grok"un fəaliyyəti təkcə Türkiyədə deyil, həmçinin ABŞ-də və X platformasının rusdilli seqmentində də diqqət çəkib. Bir sıra istifadəçilər çat-botun bəzi paylaşımlarında antisemit məzmun və nasist lider Adolf Hitlərə təriflər olduğunu bildirib. Bundan sonra "Grok" daha əvvəl X platformasında yerləşdirdiyi bir sıra mesajları silib.
X sosial media istifadəçiləri "Grok"un Ukraynaya müdaxiləni dəstəkləyənlərlə apardığı söhbətlərə diqqət çəkiblər. Bildirilir ki, çat-bot bu cür istifadəçiləri kəskin şəkildə tənqid edir və tez-tez Ukraynanı dəstəkləyən istifadəçilərə xas olan ifadələrdən ("vatniklər", "zetniklər" və s.) istifadə edir. Eyni zamanda, "Grok"un mövqeyini əsaslandırmaq üçün məntiqi arqumentlər gətirdiyi də qeyd olunur.
Bununla belə, bəzi istifadəçilər bildirib ki, digər dialoqlarda "Grok", əksinə, Ukraynanı tənqid edir.
Çat-bot dəfələrlə həm öz yaradıcısı İlon Maskı, həm də ABŞ prezidenti Donald Trampı da onların siyasi rəqiblərinin arqumentlərindən istifadə edərək tənqid edib.
Bir gün əvvəl yayılan məlumatlara görə, "xAI" şirkəti çat-botun davranış modelində dəyişiklik edib. Bu dəyişiklik çərçivəsində çat-bota əvvəllər siyasi cəhətdən qeyri-dəqiq sayılan fikirləri səsləndirməyə, eləcə də medianın mümkün qərəzliliyini nəzərə almağa icazə verilib. Bununla belə, tərtibatçıları bildirir ki, hər bir halda çat-botun cavabları faktlara əsaslanmalıdır.