Beynəlxalq Cinayət Məhkəməsi (ICC) iyulun 8-də Əfqanıstandakı "Taliban" rəhbərliyi ilə bağlı həbs orderləri çıxarıb. Onlar qızlara və qadınlara qarşı cinsiyyət ayrıseçkiliyi və təqibdə, "onları əsas hüquq və azadlıqlardan məhrum etməkdə" ittiham olunur. "Taliban" sözçüsü məhkəmənin bu qərarını "cəfəng" adlandırıb və qeyd edib ki, onların rejimi bu məhkəməni tanımır.
ICC hakimləri yayımlanan bəyanatda bildiriblər ki, "Taliban"ın ruhani lideri və Əfqanıstanın de-fakto rəhbəri Heybətulla Axundzadə, eləcə də "Taliban" tərəfindən yaradılmış Ali Məhkəmənin rəhbəri Əbdül Hakim Həqqaninin "gender əsaslı təqib cinayəti" törətməsindən şübhələnmək üçün "əsaslı" səbəblər mövcuddur.
"Məhkəmənin qənaətinə görə, "Taliban" ümumi əhali üçün müəyyən qaydalar və qadağalar tətbiq etsə də, qızlar və qadınları məhz onların cinsiyyətinə görə hədəf alıb, onları əsas hüquq və azadlıqlardan məhrum edib",- ICC-nin bəyanatında vurğulanır.
"Taliban" 2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyəti ələ keçirdikdən sonra qadınların hüquqlarını kəskin şəkildə məhdudlaşdırıb və bunu İslam hüququ – şəriət tələblərini yerinə yetirməklə əsaslandırıb. Hüquq müdafiəçiləri, yerli sakinlər, hətta bəzi hallarda "Taliban" üzvlərinin özləri də qadınlara qarşı repressiyalar, o cümlədən qətllər, işgəncələr, həbs cəzaları və cinsi zorakılıq halları barədə məlumat veriblər.
Əfqanıstan rəsmi olaraq Roma Statutunun iştirakçısıdır, yəni ICC-nin yurisdiksiyası ölkəyə şamil olunur. Lakin bu sənədə qoşulmuş və ICC ilə əməkdaşlıq etmiş hökumət artıq mövcud deyil, həmin hakimiyyət "Taliban" tərəfindən devrilib.
"Taliban"ın sözçüsü Zəbiulla Mücahid orderlə bağlı X hesabındakı paylaşımında bildirib: "Bu cür cəfəng xarakterli bəyanatlar "Taliban" rəhbərliyinin şəriətə (İslam qanunlarına) olan möhkəm sədaqətinə və öhdəliyinə heç bir təsir göstərməyəcək".
O əlavə edib ki, "Taliban" hökuməti ICC-ni tanımır.