'QHT işi' çərçivəsində saxlanılan şəxslərin həbs müddətləri uzadılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

'Hüquqi əsaslandırması yoxdur' - QHT-lərlə bağlı cinayət işləri niyə yenidən başladılıb?

İyulun 9-da Binəqədi rayon Məhkəməsində Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi Zamin Zəki barəsində də həbs-qətimkan tədbirinin daha 3 ay uzadıldığı bildirilir.

Onlar da M.Alpay və B.Süleymanlı ilə eyni ittihamla üzləşiblər. A.Əhmədov və Z.Zəkinin də ittihamları qəbul etmədikləri deyilir. Onlar da bu ilin martında həbs ediliblər.

Həmin vaxt "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı-qətimkan tədbiri seçilmişdi.

Həmin iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli ilə ictimai fəal Aytac Ağazadə ölkədə olmadıqlarına görə onlar barəsində qiyabi həbs qərarı çıxarıldığı və axtarışa verildikləri açıqlanmışdı.

İş üzrə cəlb olunan bir neçə QHT rəhbəri və üzvünün istintaq müddəti ərzində polis nəzarətinə verildiyi bildirilirdi.

Buna da bax: Haqqında həbsli axtarış qərarı çıxarılan ictimai fəal: 'Ədliyyə Nazirliyi niyə soruşmurdu ki...'

Bəşir Süleymanlı və Məmməd Alpayın həbsi uzadılıb

Bu gün, iyulun 9-da Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Binəqədi rayon Məhkəməsində hər iki şəxs barəsində olan həbs-qətimkan tədbiri 3 ay uzadılıb.

Onlar bu ilin martında saxlanıb, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurlar. Hər iki şəxs ittihamı qəbul etmir.

Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı cinayət işi açılıb. "QHT işi"nin sonradan bağlandığı bildirilsə də, bu ildən onun yeniləndiyi açıqlanıb.

Bu il B.Süleymanlı və M.Alpaydan başqa da həbs edilən QHT təmsilçiləri var.

Xatırlatma

B.Süleymanlı 2014-cü ilin mayında da "QHT işi" üzrə qanunsuz sahibkarlıq, vergidən yayınmada suçlanaraq 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O zaman da ittihamları qəbul etməyən Süleymanlı 2015-ci ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru idi. Bu qurum monitorinq apardığı zamanlar Azərbaycandakı seçkilərlə bağlı, əsasən, tənqidi hesabatlar dərc edib.

Son iki ildə Azərbaycanda 40-a yaxın jurnalist, bloqer və ictimai fəal həbs olunub. Bəzi hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə bunu qəbul etmirlər, onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.