Ölkədən çıxışına 'stop' qoyulan Araz Əliyev: 'Cavab verildi ki...' [Video]

Araz Əliyev

Ölkədən çıxışına məhdudiyyət qoyulduğu üzündən xəstə anasını xaricə müalicəyə apara bilmədiyini deyən ictimai fəal Araz Əliyev bildirir ki, iyulun 8-də öz təşəbbüsü ilə Bakı şəhər Baş Polis İdarəsinə gedib.

A.Əliyevin sözlərinə görə, o, ölkədən çıxışına qoyulan qadağa bağlı ona məlumat verilməsini istəyib. İctimai fəalın vurğulamasına görə, bir müddət gözlədildikdən sonra ona müstəntiq ayaqüstü cavab verib: "Cavab verildi ki, hazırda məhkəmə prosesi (ToplumTV işi) gedir. Ancaq məhkəmə bitəndən sonra "stop" götürülə bilər. Qeyd edim ki, mənim adım yalnız "ToplumTV işi"ndə, orada da sadəcə şahid kimi keçir. Şahid statusundakı şəxslərin ölkədən çıxışı ilə bağlı isə hər hansı hüquqi problem mövcud deyil. Olmalı da deyil. Əgər istintaq aparan qurumun mənimlə bağlı "başqa, xüsusi" planı yoxudursa...".

A.Əliyev deyir ki, məhkəmənin sonunu gözləmək problem deyil: "Mən gözləyərəm, lakin xəstəlik, can sağlığı, insan həyatı və ölüm məhkəmənin sonunu gözləmir...".

Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azərbaycanda bundan əvvəl də ayrı-ayrı jurnalistlər, ictimai fəallar şikayətləniblər ki, hansısa cinayət işlərində adları sadəcə şahid kimi keçsə də, onların ölkədən çıxışına məhdudiyyət qoyublar. Hətta bunun qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət edib müsbət nəticə əldə edən də olub. Amma hüquq-mühafizə orqanları bununla bağlı şikayətləri ictimaiyyət qarşısında cavabsız qoyurlar.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. O vaxt bu işlə bağlı 7 nəfər qaçaqmalçılıq ittihamıyla həbs olunsa da, jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilmişdi. Ancaq F.İsmayılov bu ilin yanvarında həbs olunub.

Həbs edilənlərin arasında jurnalistlərlə, "Toplum" İnternet Televiziyasının təsisçisi ilə yanaşı, III Respublika Platformasının bəzi qurucu üzvləri də var.

Hazırda onların məhkəməsi gedir.

"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da verilib. İttiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir. Hərçənd rəsmilər ölkədə siyasi, peşə fəaliyyəti ilə bağlı həbslərin olmasını qəbul etmirlər.

Bütövlükdə isə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

İctimai fəal: 'O cəzanı bütöv ailə ödəyir'

İctimai fəal Araz Əliyev bildirir ki, onkoloji xəstəlikdən əziyyət çəkən anasını xaricə müalicəyə apara bilmir. O, buna səbəb kimi ölkədən çıxışına məhdudiyyət qoyulmasını göstərir.

İctimai fəal vurğulayır ki, anası həmin xəstəlikdən altı aydır əziyyət çəkir və Azərbaycandakı müalicə səmərə vermir: "Son günlər vəziyyəti daha da pisləşib. Qan dəyərləri yüksəlmir. Heç kim də məntiqli açıqlama vermir. Məcbur və təcili anamı ölkə xaricinə aparmalıyam. Lakin hava limanında aydın olur ki, ölkədən çıxışıma stop qoyulub. Xəstə anam mən olmadan çətin ki, harasa getsin və müalicə ala bilsin. İndi biz neyləməliyik? Göz görə-görə anamın ölməyini gözləməliyəm mən? Nə üstümdə cinayət işi var, nə də hər hansı işdə təqsirləndirilən şəxsəm. "Stop"un səbəbi və məqsədi də mənə bəlli deyil".

Bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

A.Əliyev iki il öncə, dekabrın 23-də axşam saatlarında saxlanmışdı. O, polisə itaətsizlik göstərməkdə təqsirləndirilərək 25 sutka inzibati həbsə məhkum edilmişdi. Məhkəməsində demişdi ki, haqqındakı məhkəmə qərarında göstərilənlər yalandır, nə küçədə söyüş söyüb, nə də polislərə itaətsizlik göstərib. Fəal ötən il yanvarın 17-də azadlığa çıxıb.

A.Əliyev iki il əvvəl yaradılan III Respublika Platformasının Qurucu Heyətinin üzvlərindəndir. Bu qurumun bəzi üzvləri hazırda həbsdədirlər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər, amma ittihamı siyasi sayırlar. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.