Tramp 'Patriot' raketlərinin Ukraynaya yola salındığını bildirib

Donald Tramp

ABŞ prezidenti Donald Tramp NATO üzvlərinin Ukraynaya silah göndərəcəyini elan etdikdən bir gün sonra bir neçə "Patriot" raketlərinin artıq Ukraynaya yola salındığını bildirib.

İyulun 15-də jurnalistlərə açıqlamasında prezident Tramp "onlar Almaniyadan gətirilir" deyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius iyulun 14-də Vaşinqtonda amerikalı həmkarı Pit Heqsetlə görüşündən sonra bildirmişdi ki, Ukraynaya göndərilmək üçün iki "Patriot" hava hücumundan müdafiə sistemi hazırlanır. Onların daşınmasının xərclərini Almaniya qarşılayacaq, lakin texniki, logistika və maliyyə məsələlərinin detalları hələ dəqiqləşdirilməlidir.

Tramp jurnalistlərə bildirib ki, o, 14 iyul açıqlamasından bəri Rusiya prezidenti Vladimir Putinlə danışmayıb. Həmin açıqlamaya görə, Rusiya ilə ticarət edən ölkələrə sanksiya tətbiq olunmaması üçün Moskvanın atəşkəs razılaşmasını qəbul etməsi ilə bağlı Rusiyaya 50 günlük müddət verilib.

Tramp razılaşma əldə etmək üçün hər hansı danışıqların olub-olmayacağını deməyib.

"Əgər 50 günün sonunda bir razılaşma olmazsa, bu, çox pis olacaq", - deyə ABŞ prezidenti vurğulayıb. O, həmçinin qeyd edib ki, razılaşma əldə etmək üçün, bəlkə də, 50 gün lazım olmayacaq.

Boris Pistorius və Pit Heqset

14 iyul

ABŞ və Almaniya Ukraynaya 'Patriot'lar verməyi müzakirə edir

ABŞ müdafiə naziri Pit Heqset və Almaniyanın müdafiə naziri Boris Pistorius arasında iyulun 14-də Vaşinqtonda keçirilən görüşdə digər məsələlərlə yanaşı, ABŞ silahlarının Almaniya vasitəsilə Ukraynaya mümkün tədarükü də müzakirə olunub. Bu müzakirələr elə həmin gün ABŞ prezidenti Trampın Avropa müttəfiqlərinə Ukraynaya göndərmək üçün iri həcmdə silah satmağa hazır olduğunu bəyan etməsi fonunda baş verib.

Pistorius təsdiqləyib ki, "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü də müzakirə olunub. Almaniyanın müdafiə nazirinin sözlərinə görə, Vaşinqton və Berlin bu məsələ ilə bağlı qərarı artıq "bir neçə gün və ya həftə ərzində" qəbul edə bilərlər. Almaniyalı nazir vurğulayıb ki, detalların razılaşdırılması üçün danışıqlar davam etdiriləcək. Pistorius həmçinin əlavə edib ki, o və amerikalı həmkarı Heqset silahların miqdarı barədə məlumat verməmək barədə razılaşıblar.

"Bloomberg"in məlumatına görə, söhbət hər birində 4-dən 8-ə qədər buraxılış qurğusu olan iki "Patriot" kompleksindən gedə bilər. Media bu sistemlərin alışı ilə bağlı danışıqların iyulun əvvəlində aparıldığını yazmışdı.

Pistoriusun sözlərinə görə, ilk "Patriot" dəsti bir neçə ay ərzində Ukraynaya göndərilə bilər.

ABŞ prezidenti bir gün əvvəl bildirib ki, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükündə digər ölkələr də iştirak edə bilər. Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl onlardan ikisinin - Almaniya və Norveçin adını çəkib.

Daha əvvəl Almaniya artıq üç "Patriot" qurğusunu Ukraynaya göndərib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna artilleriya bölməsi ABŞ-dən silah gözləyir

Tramp Ukraynaya silah verir, lakin va-banka getmir

Bazar ertəsi, iyulun 14-də ABŞ prezidenti Donald Tramp Vladimir Putinin atəşkəslə bağlı danışıqlardan imtina etməsindən məyus olduğunu bildirib və Ukraynaya yeni silahların, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılacağını bildirib. Tramp həmçinin 50 gün ərzində sülh razılaşması əldə olunmasa, əlavə sanksiyalarla hədələyib.

Demokratiyaları Müdafiə Fondunun Rusiya üzrə proqramının direktor müavini Con Hardi deyib ki, Trampın bəyanatı onun Ukrayna məsələsində "doğru istiqamətdə" irəlilədiyini göstərir. Lakin o, Putinə daha çox vaxt verməyin nə üçün lazım olduğunu sual edib. "Putin artıq çox aydın şəkildə göstərib ki, onun hazırda ciddi danışıqlar aparmaq niyyəti yoxdur, ona görə də mən Trampın sanksiyalarla bağlı niyə hələ də gözlədiyini bilmirəm", - Hardi AzadlıqRadiosuna bildirib.

Bununla belə, aydındır ki, Trampın son bəyanatı yanvarda vəzifəyə gəldikdən sonra onun çətin vəziyyətdə olan Ukraynaya ən böyük dəstək nümayişidir.

Rusiya rəsmiləri Trampın şərhlərinə əhəmiyyət verməyib.

"50 gün ərzində döyüş meydanında və Qərb hökumətlərini dəstəkləyən ictimai rəy sorğularında çox şey baş verə bilər. Əsas məsələ odur ki, bu, bizim əhvalımıza heç bir təsir etmir", - Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev "Telegram" hesabındakı paylaşımında bildirib.

Trampın şərhlərindən sonra Rusiyanın əsas fond bazarı indeksi olan MICEX 2.7 faiz artıb ki, bu da rusiyalı investorların Ağ evdən daha sərt addımlar gözlədiyinə işarədir.

"Diqqətçəkən dəyişiklik"

Beynəlxalq Münasibətlər Şurasının əməkdaşı Çarlz Kupçan deyib ki, Trampın Rusiya və Ukrayna mövqeyindəki dəyişiklik "olduqca diqqətçəkicidir".

"Son bir neçə ayda siz Trampın Putinə qarşı getdikcə daha sərt mövqeyə keçməsini müşahidə etmisiz. Düşünürəm ki, bugünkü bəyanat mümkün olduğu qədər irəli getməsə də, burada konkret bir irəliləyiş var", - Kupçan AzadlıqRadiosuna bildirib.

Keçmiş ABŞ diplomatı və RAND Korporasiyasının analitiki Bill Kortni isə deyib ki, Tramp müharibəni bitirmək üçün çox səy göstərib və Putinin onun təşəbbüsünü rədd etməsi administrasiya üçün "olduqca utancverici" olub. Lakin o əlavə edib ki, Putin artıq "həddini aşıb" və bununla da Trampı özünə qarşı çevirib.

Sanksiyalar və tariflər

Tramp bildirib ki, əgər Rusiya 50 gün ərzində, sentyabrın əvvəlinə qədər atəşkəsə razılaşmasa, o, "ikinci dərəcəli" tariflər tətbiq edəcək. Trampın bu şərhi qeyri-müəyyən olub və çaşqınlıq yaradıb.

ABŞ prezidenti tariflərin hansı ölkələrə tətbiq olunacağını deməyib. Konqresdə müzakirədə olan Rusiya sanksiyaları qanun layihəsində eyni termin istifadə olunur və Rusiya nefti alan ölkələri də hədəf alır. Neft ixracatı Rusiyanın federal büdcə gəlirlərinin təxminən üçdə birini təşkil edir.

Çin, Hindistan və Türkiyə Rusiyanın əsas neft alıcılarıdır. Türkiyə NATO üzvüdür, Hindistan isə ABŞ, Avstraliya və Yaponiyanın da daxil olduğu diplomatik tərəfdaşlıq təşkilatının - QUAD-ın üzvüdür.

"Hindistana təzyiq göstərmək asan olmayacaq, çünki o, QUAD-da ABŞ-nin tərəfdaşıdır, Çin isə nadir torpaq elementləri kimi bəzi sahələrdə ABŞ üzərində təsir gücünə malikdir", –Kortni AzadlıqRadiosuna bildirib.

Daha sonra CNN Ağ evin adı açıqlanmayan rəsmisinə istinadən xəbər verib ki, Tramp "ikinci dərəcəli tariflər" deyərkən Rusiyaya 100 faiz tarifləri və Rusiya neftini alan digər ölkələrə ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. İkinci dərəcəli sanksiyalar güclü vasitədir və Çin, Hindistan, Türkiyədəki maliyyə institutlarını və digər qurumları Rusiya ilə iş görməkdən çəkinməyə məcbur edə bilər.

Mütəxəssislər bildirir ki, yeni sanksiyalar tətbiq olunsa belə, onların icrası gücləndirilmədiyi təqdirdə təsiri az olacaq.

"Düşünürəm ki, Rusiya sanksiyalarının icrası məsələsində siyasi iradə yetərli deyil - bu, bəlkə də, Çinlə bağlı ixrac nəzarəti və ya hətta İrana qarşı sanksiyalarla bağlı gündəmlə müqayisədə fərqlidir", - Yeni Amerika Strategiyası Mərkəzinin analitiki Reyçel Zimba ötən həftə AzadlıqRadiosuna bildirib.

Vaşinqtondakı Atlantik Şurasının sanksiyalar üzrə eksperti Kimberli Donovan isə deyib ki, ABŞ Rusiyanı danışıqlar masasına oturtmaq istəyirsə, Rusiyanın neft sənayesinə qarşı daha sərt davranmalıdır.

"Düşünürəm ki, biz Putinə təzyiq vasitəsi olaraq, İranla etdiyimiz kimi, Rusiya neftinə sanksiya tətbiq etmək üçün addımlar atmalıyıq", - o deyib.