Hər il Nermin Katik İsveçdəki evindən Bosniyaya qayıdaraq ailəsinin artıq boş qalan köhnə evinin qapılarını açır. O, artıq 30 ildir ki qardaşının qalıqlarının tapılmasını gözləyir. Anası isə ömrünün qalan hissəsini oğlunu axtarmağa sərf edib, lakin o, axtarışına cavab tapa bilmədən vəfat edib.
"Ümid nə qədər davam edə bilər? O biri dünyaya köçməzdən əvvəl ümidimi itirəcəyimdən qorxuram", - Katik AzadlıqRadiosunun Balkan xidmətinə deyib.
Meyit yoxdur. Ədalət yoxdur. Son yoxdur. Bu, Bosniya serb qüvvələrinin Srebrenitsa şəhərində 8 mindən çox bosniyalı müsəlman kişiləri qətlə yetirməsindən 30 il keçməsinə baxmayaraq, Katik və Bosniyada minlərlə ailənin yaşadığı hekayədir. Bu, İkinci Dünya müharibəsindən bəri Avropada tanınan yeganə soyqırımıdır.
1995-ci ilin iyulunda Srebrenitsada baş verən qətliamın miqyası və amansızlığı - Bosniya müsəlmanlarının nəzarətində olan və on minlərlə insanın Bosniya serb qüvvələrindən təhlükəsizlik üçün sığındığı anklavda - dünyanı sarsıtdı. Bu hadisə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında (ICTY), yəni Haaqa Tribunalında bir sıra yüksəksəviyyəli cəza hökmlərinin çıxarılması ilə nəticələndi.
Haqqında hökm çıxarılanlar arasında (2017-ci ildə) müharibə cinayətlərində, insanlığa qarşı cinayətlərdə və soyqırımında ittiham olunan və ömürlük həbs cəzasına məhkum edilmiş Bosniya-serb hərbi komandiri Ratko Mladiç də var idi.
Ancaq bu, aysberqin yalnız görünən hissəsi idi.
Dünya Srebrenitsa qırğınının 30-cu ildönümünü anarkən cinayətkarların ədalət qarşısında cavab verməsi üçün çalışanlar bu faciədən öyrəniləsi çoxsaylı dərslərin olduğunu bildirir.
Srebrenitsa qurbanlarının ailələri və üç ildən artıqdır işğalçı Rusiya qüvvələrinə qarşı mübarizə aparan, saysız vəhşiliklərə şahid olan Ukraynadakı ailələr üçün ədalətin təmin olunmasına dair öyrənilməsi lazım olan dərslər var.
Srebrenitsa qurbanları üçün ədalət tam təmin olunmayıb
"(Bosniyada) çox az adam məhkəmə sistemindən razı idi", - müharibə cinayətlərini araşdırmaq və cinayətkarları məhkəməyə vermək üçün jurnalistləri və hüquqşünasları bir araya gətirən "Hesablaşma Layihəsi"nin (The Reckoning Project) icraçı direktoru Canin di Covanni bildirib.
"Yerində qətliamı törədənlər, məzarları qazanlar, insanları öldürənlər, təcavüz edənlər, insan həyatlarını və ailələri məhv edənlər, Srebrenitsa cəmiyyətini parçalayanlar hələ də ortalıqda sərbəst gəzir", - o, AzadlıqRadiosuna bildirib.
Haaqa Tribunalı ümumilikdə 18 nəfəri Srebrenitsada soyqırımı və digər cinayətlərdə təqsirli bilib, onlardan beşi ömürlük həbs cəzasına məhkum edilib.
Haaqa Tribunalında keçmiş Yuqoslaviya lideri Slobodan Miloşeviçin ittihamına rəhbərlik etmiş Ceffri Nays da məhkəmə prosesinin kifayət qədər uğurlu olmadığını düşünür.
"Hesab edirəm ki, ümumi nəticə belədir ki, ədalət təmin olunmayıb və ya olması lazım olan şəkildə təmin edilməyib",- o, AzadlıqRadiosuna deyib. "Tarix bu prosesi mülayim qiymətləndirməyəcək, amma ona anlayışla yanaşacaq. Ruanda və keçmiş Yuqoslaviya üçün yaradılan iki tribunal tamamilə yeni idi və heç bir presedentə əsaslanmırdı".
Beynəlxalq Cinayət Məhkəməsi fərq yarada bilərmi?
Bu gün vəziyyət fərqlidir, çünki 2002-ci ildə müvəqqəti tribunalları əvəz etmək üçün daimi qurum kimi Beynəlxalq Cinayət Məhkəməsi (ICC) yaradılıb.
Məhkəmə Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahunun əleyhinə hərbi cinayətlər ittihamı irəli sürərək öz gücünü göstərməkdə qərarlı görünür. Lakin C.Nays bu ittihamların real məhkumluqla nəticələnəcəyinə şübhə ilə yanaşır. Onun fikrincə, Ukrayna və Qəzza münaqişələri, çox güman ki, siyasi razılaşmalarla başa çatacaq.
"Bu cür razılaşmalara, (istər Ukrayna, istərsə də Qəzza ilə bağlı) demək olar ki, mütləq şəkildə birinci maddə kimi əlavə olunacaq şərt belə olacaq ki, prezident Putin və ya baş nazir Netanyahu heç biri iddia edilən cinayətə görə mühakimə olunmayacaq", - o bildirib.
Nays əlavə edib ki, Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sərt tənqidləri də onun fəaliyyət qabiliyyətini zəiflədə bilər. O bildirib ki, milli məhkəmələrdən istifadə etmək daha effektiv yanaşma olardı.
Əslində Bosniya məhkəmələri Srebrenitsada törədilmiş soyqırımı və digər cinayətlərə görə Haaqa Tribunalından daha çox hökm çıxarıb.
İndiyədək Bosniya serb qüvvələrinin keçmiş üzvlərindən 27 nəfər Srebrenitsada törədilmiş cinayətlərə görə məhkum edilib, onlardan 14-ü soyqırımında təqsirli bilinib.
Soyqırımı zamanı jurnalist kimi Srebrenitsadan reportajlar hazırlayan Di Covanni milli məhkəmələrin əsas rol oynaya biləcəyi fikri ilə razılaşır: "Ukrayna fərqlidir, ona görə ki, Ukraynanın ilk növbədə çox əsaslı məhkəmə sistemi var. Ukraynadakı yerli məhkəmələr, yəqin ki, daha təsirli və güclüdür, çünki müharibədən sonra Bosniyada federalizasiya nəticəsində yaranmış sistem... Mən deyərdim ki, bu, dünyanın ən qeyri-effektiv sistemlərindən biridir".
Ukrayna hakimiyyət orqanları 679 hərbi cinayətə dair ittiham aktı və 188 hökm çıxardıqlarını bildiriblər. Bu, Beynəlxalq Cinayət Məhkəməsi kimi beynəlxalq institutlarda əldə olunmuş təcrübə və biliklərdən faydalanaraq həyata keçirilir.
"Bu gün Ukraynada çalışan prokurorların bir çoxu əvvəllər Kamboca və Syerra-Leonedəki (beynəlxalq ədalət proseslərində) iştirak ediblər. Srebrenitsadan bəri keçən 30 il ərzində biz çox şey öyrənmişik", - Di Covanni bildirib.
Ümid işıqları
Bu müddət ərzində baş verən digər irəliləyiş isə ümumdünya yurisdiksiyasının tətbiqidir, yəni bir ölkədə törədilmiş cinayətlər başqa bir yerdə mühakimə edilir.
İyunda Almaniya məhkəməsi Suriyanın keçmiş Bəşər Əsəd rejimi dövründə məhbuslara işgəncə verən həkim Ələa Musa barəsində ömürlük həbs qərarı çıxarıb.
Apreldə Di Covanninin rəhbərlik etdiyi layihə ukraynalı şəxsin ona işgəncə verən rusiyalılar barəsində Argentina məhkəməsi qarşısında ittiham irəli sürməsinə kömək edib.
Layihənin rəhbəri bildirib ki, ən önəmli dərs erkən mərhələdə sübutların toplanmasının vacibliyidir və bu, artıq Ukraynada tətbiq olunur: "Biz hərbi cinayətlərə dair sübutları müharibə hələ davam edərkən toplayırıq. Bu isə 1995-ci ildəkindən tamamilə fərqlidir... (Orada) şahid ifadələri müharibə bitdikdən çox sonra götürülürdü".
Bu, Ukraynanın Buça kimi yerlərində baş verən qətliamlarla bağlı ədalətin təminatı üçün ümid işığıdır. Rusiya qüvvələri Buçada yüzlərlə dinc sakini qətlə yetirib. Ukrayna Beynəlxalq Cinayət Məhkəməsindən Rusiya qüvvələri tərəfindən törədilən hərbi cinayətləri araşdırmağı xahiş edib.
Lakin, çox güman ki, bu ümid işıqları Srebrenitsadakı N.Katikə kömək etmək üçün artıq sönüb.
Onun qardaşı Nihad "Nino" Katik jurnalist idi və şəhər Bosniya serb qüvvələri tərəfindən işğal edilməzdən əvvəl Srebrenitsadan sonuncu reportajını hazırlamışdı.
"Srebrenitsa ən böyük qırğın meydanına çevrilir. Ölülər və yaralılar xəstəxanaya gəlməkdə davam edir", - o, yoxa çıxmazdan əvvəl son reportajında belə təsvir edirdi. "Dünyada Srebrenitsada baş verən, onun əhalisinə qarşı törədilən bu faciəyə gəlib şahid ola biləcək kimsə varmı?"
Nino təhlükəsizlik üçün təxminən 100 kilometr uzaqdakı təpələrə qaçan minlərlə insana qoşulub, lakin bir daha ondan xəbər çıxmayıb, onu görən olmayıb.
30 il sonra iyulun 11-də Srebrenitsada daha 7 cəsəd torpağa tapşırılır.
N.Katik kimi hələ də yaxınları itkin olan 1200 Srebrenitsa qurbanının ailələri ədalət axtarışındadır.
Min kilometrdən çox şərqdə isə ukraynalılar bunu izləyir və eyni aqibətə düçar olub-olmayacaqlarını düşünürlər.
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq və radionun Balkan xidməti tərəfindən hazırlanıb.