Xəbərlər
İndiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər deputatlığa namizədliyini irəli sürüb. Daha sonra onlardan biri öz ərizəsi ilə seçki prosesindən çıxıb.
71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan artıq 43 nəfərə imza vərəqləri paylanılıb.
Bu haqda MSK sədri Məzahir Pənahov iyulun 9-da qurumun toplantısında məlumat verib.
İclasda Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alınıb.
Xatırlatma
Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub.
Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.
Bu il Azərbaycanda prezident seçkisi də növbədənkənar keçirilib. Əslində qanunla 2025-ci ildə baş tutmalı olan həmin seçkilərin önə çəkilməsi Qarabağda suverenliyin bərpası ilə izah edilib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.
Bütün xəbərləri izləyin
SBU-nun polkovniki Kiyevdə güllələnib

Ukrayna mətbuatı yazır ki, Kiyevdə ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşı güllələnib. "RBC-Ukrayna" Təhlükəsizlik Xidmətinə istinadən bildirib ki, hadisə Kiyevin Qolosiivski rayonunda baş verib.
Həlak olan şəxsin SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzinin baş əməliyyat işçisi, polkovnik İvan Voroniç olduğu bildirilir. Məlumatı Ukrayna Ali Radasının sabiq deputatı İqor Mosiyçuk və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Roman Çervinski veriblər.
Keçmiş deputat Mosiyçukun məlumatına görə, hadisə iyulun 10-da səhər saatlarında baş verib. O qeyd edib ki, naməlum şəxs "ehtimal ki, səsboğucu ilə təchiz olunmuş tapançadan 5 dəqiq atəş açıb, daha sonra cinayət yerindən qaçıb".
Polkovnik İvan Voroniç aldığı güllə yaralarından hadisə yerindəcə həlak olub.
"Insider UA" nəşri yazır ki, atəş açan şəxs hadisə yerindən uzaqlaşıb.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) qətllə bağlı istintaqın başladıldığını və polis ilə birgə cinayətin araşdırılması və məsul şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin görüldüyünü bəyan edib.
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələnib

Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xüsusi Əməliyyatlar Mərkəzinin baş əməliyyat işçisi, polkovnik İvan Voroniç güllələnib. Hadisə bu gün səhər saatlarında baş verib.
Ali Radanın sabiq deputatı İqor Mosiyçukun məlumatına görə, naməlum şəxs "səsboğucu ilə təchiz olunmuş tapançadan 5 dəqiq atəş açıb, daha sonra cinayət yerindən qaçıb".
"Insider UA" nəşri yazır ki, atəş açan şəxs hadisə yerindən yolsuzluq avtomobili ilə uzaqlaşıb.
SBU qətllə bağlı istintaqın başladıldığını bildirib.
Azərbaycanda rus bölmələrinin bağlanması gündəmdə deyil-nazir

Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil. AZƏRTAC-ın xəbərinə görə, bunu iyulun 10-da elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, məqsəd şagirdlərin xarici dillərlə yanaşı, Azərbaycan dilini də yüksək səviyyədə bilməsini təmin etməkdir: "Rus dili üzrə müəllim hazırlığında müəyyən çatışmazlıqlar mövcuddur. Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə imtahan nəticələri göstərir ki, maksimal nəticə 50–60 bal arasındadır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Bu səbəbdən biz müəllimlərin işə qəbulunda aşağı bal toplamış namizədləri də nəzərə almağa məcbur oluruq".
Son həftələr Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda bəzi ölkə vətəndaşları dövlət hesabına rus dilində təhsil verməyin düzgün olmadığı və bunun aradan qaldırılması ilə bağlı təkliflər səsləndirirdilər.
Rəsmi məlumatlara görə, Azərbaycanda 300-dən çox məktəbdə rus dilində tədris aparılır. Ölkədə 4 mindən çox orta məktəbin olduğu bildirilir.
Xatırlatma
İki həftə öncə, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də saxlanıb.
Başa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları tutulub. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.
Son günlər iki ölkə arasında münasibətlərin nisbətən normallaşdığı bildirilir.
Türkiyə Ərdoğana görə 'Grok'u bloklayıb

Türkiyə hakimiyyəti istifadəçilərin sorğularına cavablarında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlədildiyini əsas gətirərək "Grok" çat-botunu bloklayıb. Bu çat-bot İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanaraq X sosial şəbəkəsinə inteqrasiya olunub.
Ankara baş prokurorunun məsələ ilə bağlı istintaqın başlanması barədə göstəriş verdiyi bildirilir. Bu, Türkiyədə süni intellekt çat-botunun qadağan edilməsi ilə bağlı ilk haldır.
Son günlərdə "Grok"un fəaliyyəti təkcə Türkiyədə deyil, həmçinin ABŞ-də və X platformasının rusdilli seqmentində də diqqət çəkib. Bir sıra istifadəçilər çat-botun bəzi paylaşımlarında antisemit məzmun və nasist lider Adolf Hitlərə təriflər olduğunu bildirib. Bundan sonra "Grok" daha əvvəl X platformasında yerləşdirdiyi bir sıra mesajları silib.
X sosial media istifadəçiləri "Grok"un Ukraynaya müdaxiləni dəstəkləyənlərlə apardığı söhbətlərə diqqət çəkiblər. Bildirilir ki, çat-bot bu cür istifadəçiləri kəskin şəkildə tənqid edir və tez-tez Ukraynanı dəstəkləyən istifadəçilərə xas olan ifadələrdən ("vatniklər", "zetniklər" və s.) istifadə edir. Eyni zamanda, "Grok"un mövqeyini əsaslandırmaq üçün məntiqi arqumentlər gətirdiyi də qeyd olunur.
Bununla belə, bəzi istifadəçilər bildirib ki, digər dialoqlarda "Grok", əksinə, Ukraynanı tənqid edir.
Çat-bot dəfələrlə həm öz yaradıcısı İlon Maskı, həm də ABŞ prezidenti Donald Trampı da onların siyasi rəqiblərinin arqumentlərindən istifadə edərək tənqid edib.
Bir gün əvvəl yayılan məlumatlara görə, "xAI" şirkəti çat-botun davranış modelində dəyişiklik edib. Bu dəyişiklik çərçivəsində çat-bota əvvəllər siyasi cəhətdən qeyri-dəqiq sayılan fikirləri səsləndirməyə, eləcə də medianın mümkün qərəzliliyini nəzərə almağa icazə verilib. Bununla belə, tərtibatçıları bildirir ki, hər bir halda çat-botun cavabları faktlara əsaslanmalıdır.
Beynəlxalq Cinayət Məhkəməsi 'Taliban' liderlərinin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) iyulun 8-də Əfqanıstandakı "Taliban" rəhbərliyi ilə bağlı həbs orderləri çıxarıb. Onlar qızlara və qadınlara qarşı cinsiyyət ayrıseçkiliyi və təqibdə, "onları əsas hüquq və azadlıqlardan məhrum etməkdə" ittiham olunur. "Taliban" sözçüsü məhkəmənin bu qərarını "cəfəng" adlandırıb və qeyd edib ki, onların rejimi bu məhkəməni tanımır.
ICC hakimləri yayımlanan bəyanatda bildiriblər ki, "Taliban"ın ruhani lideri və Əfqanıstanın de-fakto rəhbəri Heybətulla Axundzadə, eləcə də "Taliban" tərəfindən yaradılmış Ali Məhkəmənin rəhbəri Əbdül Hakim Həqqaninin "gender əsaslı təqib cinayəti" törətməsindən şübhələnmək üçün "əsaslı" səbəblər mövcuddur.
"Məhkəmənin qənaətinə görə, "Taliban" ümumi əhali üçün müəyyən qaydalar və qadağalar tətbiq etsə də, qızlar və qadınları məhz onların cinsiyyətinə görə hədəf alıb, onları əsas hüquq və azadlıqlardan məhrum edib",- ICC-nin bəyanatında vurğulanır.
"Taliban" 2021-ci ildə Əfqanıstanda yenidən hakimiyyəti ələ keçirdikdən sonra qadınların hüquqlarını kəskin şəkildə məhdudlaşdırıb və bunu İslam hüququ – şəriət tələblərini yerinə yetirməklə əsaslandırıb. Hüquq müdafiəçiləri, yerli sakinlər, hətta bəzi hallarda "Taliban" üzvlərinin özləri də qadınlara qarşı repressiyalar, o cümlədən qətllər, işgəncələr, həbs cəzaları və cinsi zorakılıq halları barədə məlumat veriblər.
Əfqanıstan rəsmi olaraq Roma Statutunun iştirakçısıdır, yəni ICC-nin yurisdiksiyası ölkəyə şamil olunur. Lakin bu sənədə qoşulmuş və ICC ilə əməkdaşlıq etmiş hökumət artıq mövcud deyil, həmin hakimiyyət "Taliban" tərəfindən devrilib.
"Taliban"ın sözçüsü Zəbiulla Mücahid orderlə bağlı X hesabındakı paylaşımında bildirib: "Bu cür cəfəng xarakterli bəyanatlar "Taliban" rəhbərliyinin şəriətə (İslam qanunlarına) olan möhkəm sədaqətinə və öhdəliyinə heç bir təsir göstərməyəcək".
O əlavə edib ki, "Taliban" hökuməti ICC-ni tanımır.
Tramp: 'Putin çox cəfəngiyat danışıb', sanksiyalar mümkündür

ABŞ prezidenti Donald Tramp iyulun 8-də hökumət kabinetinin Ağ evdə keçirilən iclasında bəyan edib ki, o, Rusiya prezidenti Vladimir Putindən narazıdır və Ukraynadakı müharibəni dayandırmaq istəmədiyinə görə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
Trampın sözlərinə görə, Putin "bizə çoxlu cəfəngiyat danışıb". ABŞ dövlət başçısı vurğulayıb ki, rusiyalı həmkarı onunla "nəzakətlə" davranır, lakin Trampın dediyinə görə, bu, əslində "heç bir əhəmiyyət kəsb etmir", çünki çox sayda insan ölməyə davam edir.
Rusiyanın son hərəkətlərinə necə cavab verəcəyi ilə bağlı suala cavabında ABŞ prezidenti Tramp bildirib ki, o, "kiçik sürpriz" edə bilər. Prezident deyib ki, bir qrup senator tərəfindən Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar haqqında qanun layihəsini öyrənir. Trampın sözlərinə görə, həmin sənədin qəbul edilməsi onun bu məsələ ilə bağlı rəyindən asılı olacaq.
Prezident həmçinin ABŞ-nin Ukraynaya silah tədarükündəki rolunu bir daha vurğulayaraq bildirib ki, Amerika silahları sayəsində Kiyev, bir çoxlarının proqnozlaşdırdığı kimi, üç-dörd gün ərzində müharibədə təslim olmayıb. Tramp qeyd edib ki, o, yaxın zamanda Ukraynaya yeni müdafiə təyinatlı silahların göndərilməsini təsdiqləyib, çünki "Putin insanlara qarşı düzgün davranmır. O, həddindən artıq çox insan öldürür".
Prezident Trampın bu fikirləri Pentaqonun açıqlamaları fonunda səslənib. Pentaqon bildirib ki, ABŞ "ukraynalıların özlərini müdafiə etmək qabiliyyətini təmin etmək məqsədilə" bu ölkəyə əlavə silahlar göndərir və davamlı sülhə nail olmaq, qətllərə son qoymaq üçün çalışır.
"Axios" saytı Tramp administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Ağ evin rəhbəri Ukrayna prezidenti Volodimir Zelenskiyə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün dərhal 10 raketin Kiyevə göndəriləcəyinə söz verib. Bu bəyanat Tramp ilə Zelenski arasında ötən həftə baş tutmuş telefon danışığı zamanı səslənib. "Axios"un mənbələri həmçinin qeyd edib ki, Tramp Ukrayna liderinə digər tədarük yollarının tapılmasında da yardım etməyə söz verib. Xüsusilə qeyd olunur ki, Vaşinqton Almaniyadan ABŞ-də istehsal olunmuş "Patriot" sistemlərini alaraq onları Ukraynaya ötürməyini istəyir.
Ermənistanda daha bir deputatın toxunulmazlığı qaldırılıb

Ermənistan parlamentində baş prokurorun vəsatətinin lehinə səs verilib, "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyan toxunulmazlıq hüququndan məhrum edilib.
Səsvermədə yalnız iqtidar partiyası iştirak edib, hər iki müxalifət fraksiyası - "Hayastan" və "Pativ Unem" səsverməni boykot edib. 62 deputat qərarın lehinə səs verib.
A.Sarkisyan terrora hazırlıq və hakimiyyəti ələ keçirməkdə ittiham olunur. Baş prokuror Anna Vardapetyanın sözlərinə görə, o, etirazçıları "zərbə qrupları"na cəlb etməkdə ittiham olunur.
İyulun 7-də parlament "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan və franksiyanın katibi Artsvik Minasyanı toxunulmazlıqdan məhrum edib və bununla da baş prokurora müxalif deputatlara qarşı cinayət işi açmaq imkanı verilib.
Türkmənistanlı fəalları Türkiyə deportasiya edir

Türkiyənin Samsun şəhər məhkəməsi türkmənistanlı fəallar Alişer Sahatov və Abdulla Orusovun Türkmənistana deportasiyasına qərar verib. Bu barədə Türkmən Helsinki İnsan Haqları Fondu vəkilə istinadən məlumat yayıb.
Məhkəmə qərarı iyunun 13-də çıxarılıb, lakin vəkilə bu barədə yalnız iki həftə sonra məlumat verilib. Vəkil bu qərardan yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verməyi planlaşdırır.
Türkiyəli hakim iddiaçıların Türkmənistana qaytarıldığı təqdirdə təqib və pis rəftar riski ilə bağlı arqumentlərini nəzərə almayıb.
A.Sahatov və A.Orusov ötən ilin aprelində Sinop şəhərində saxlanılaraq Ankaradakı deportasiya mərkəzinə aparılıb. Turkmen.news öz mənbələrinə istinadən yazır ki, mərkəzə gətirildikdən sonra fəallar Türkiyədən sığınacaq istəyiblər. Mayın 5-də onlara beynəlxalq müdafiədən imtina barədə rəsmi bildiriş təqdim olunub. Bundan əlavə, Türkiyə hakimiyyəti onlara "Türkiyənin milli təhlükəsizliyinə qarşı" fəaliyyətdə şübhəli bilinən şəxs statusu verib.
A.Sahatov "Erkin Garaýyş" (Azad Baxış) adlı YouTube kanalında Türkiyədə yaşayan həmvətənlərinin problemlərini işıqlandırır və Türkmənistan hakimiyyətini tənqid edirdi. O, 2018-ci ildə həyat yoldaşı və övladları ilə birlikdə Türkiyəyə köçmüşdü.
A.Orusov isə türkmənistanlı məmurların qanunsuz hərəkətləri və vəzifələrindən sui-istifadə hallarını sosial şəbəkələrdə paylaşırdı.
Onlar Türkmənistana deportasiya olunacağı təqdirdə orada həbs təhlükəsi ilə üzləşə bilər.
Azərbaycanda kazinoların fəaliyyətinə icazə verildi

Milli Məclis süni torpaq sahələrində kazino fəaliyyətini leqallaşdıran qanun layihəsini növbədənkənar sessiyasının iyulun 8-də keçirilən iclasında, üçüncü oxunuşda qəbul edib.
Layihəyə əsasən, Azərbaycanda kazino yalnız Xəzər dənizində yaradılan süni torpaq sahələrində təşkil oluna bilər. Üstəlik, onlar yalnız xüsusi lisenziya əsasında fəaliyyət göstərəcək, lisenziya üçün müraciətdən başlayaraq fəaliyyət dövründə dövlət nəzarəti həyata keçiriləcək.
Habelə sənədə görə, kazino təşkilatçısı yalnız hüquqi şəxs ola bilər və maliyyə əməliyyatlarında şəffaflıq, AML/CFT tələblərinə əməl etməlidir.
Oyunlarda yalnız 21 yaşdan yuxarı şəxslərin iştirakı nəzərdə tutulur, virtual kazinolar isə qadağan edilir.
27 il öncənin qadağasına yaşıl işıq
Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunub. Onunla bağlı keçmiş prezident "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda qərar "Azərbaycan xalqının mənəviyyatına mənfi təsir göstərən,... hallara yol verməmək, iqtisadi sahədə cinayətkarlıqla mübarizənin möhkəmləndirildiyi və bazar münasibətlərinin bərqərar olduğu bir zamanda həmin sahədə müxtəlif əyintilərin qarşısını almaq məqsədi ilə" izah edilmişdi.
Amma son illər hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra iş adamları və deputatlar kazino oyunlarına icazə verilməsi ilə bağlı təkliflər səsləndirmişdilər. Onlar bunun ölkədə turizmin və iqtisadiyyatın inkişafına fayda verəcəyini düşünürdülər. İndi də Azərbaycan parlamentində təmsil edilən bəzi deputatların yerli mediaya bildirmələrinə görə, keçmiş dövrdə "effektiv nəzarət mexanizmlərinin olmaması, dünya təcrübəsinin öyrənilməməsi" bu cür fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı. Onların fikrincə, indi dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir.
Amma ayrı-ayrı müxalifət təmsilçiləri zaman-zaman açıqlamalarında kazinolara yenidən yaşıl işıq yandırılmasına mənfi münasibətlərini bildiriblər. Onların fikrincə, hakimiyyət belə hallara yol verməkdənsə, əhalinin sosial güzəranın yaxşılaşdırılmasına diqqət ayırmalıdır.
Nazir müavini: Aylıq sabit tariflər 1 manatı aşmayacaq
Növbədənkənar sessiya çərçivəsində Milli Məclisin iyulun 8-də keçirilən iclasında "Qaz təchizatı haqqında" yeni Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minməlidir. Amma bununla belə, qanunun bir sıra müddəalarının qüvvəyə minmə müddətləri fərqli göstərilib.
Qanunun qəbulu ilə qaz tariflərinin müəyyən edilməsi səlahiyyəti indiki Tarif Şurasından tənzimləyici orqana keçir. Qaz təchizatı sektorunda qiymətləri (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici müəyyən edəcək. 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək isə qaz tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tənzimləyəcək.
Sənəddə sabit tariflər məsələsi də öz əksini tapıb. Hansı ki, layihədə bu məsələ bəlli olduqdan sonra cəmiyyətdə tənqidlərə səbəb olmuşdu. Tənqidçilər hesab edirdilər ki, evdə qazdan (və ya elektrikdən) istifadə olunmadığı halda, sabit tariflərin müəyyən edilməsi "vətəndaşların cibinə girməkdir".
İyulun 8-də layihə üçüncü oxunuşda qəbul edilərkən bildirilib ki, Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq. Yerli saytların məlumatına görə, bunu energetika nazirinin müavini Orxan Zeynallı deyib. O qeyd edib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında "daha ədalətli" bölünməsidir.
Moskvada reydlərdə 500-dən çox miqrant saxlanıb

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada yataqxana və ibadət evlərində reydlər keçirib. Moskva üzrə İstintaq Komitəsinin məlumatına görə, bu reydlərin məqsədi "qanunsuz miqrasiyanın aşkar olunması və qarşısının alınması" olub.
Reydlər nəticəsində 500-dən çox şəxs yoxlanış üçün polis bölmələrinə aparılıb. Giriş qaydalarının və ölkədə qalma rejiminin pozulmasına görə 30-dan çox şəxs Rusiyadan çıxarılıb və inzibati məsuliyyətə cəlb olunub. "CurrentTimeTV"nin məlumatına görə, həmin şəxslərdən biri axtarışda olub.
İstintaq Komitəsi reydlərin dəqiq nə vaxt keçirildiyini və hansı ölkə vətəndaşlarının Rusiyadan çıxarıldığını açıqlamayıb.
2024-cü ilin martında Moskvadakı "Crocus City" konsert kompleksində baş vermiş terror aktından sonra ölkədə əcnəbilərə və əmək miqrantlarına qarşı siyasət sərtləşdirilib. Rusiya istintaq orqanları həmin terror aktının təşkilatçılarının Tacikistan vətəndaşları olduğunu bildirmişdi. Bundan əlavə, hüquq-mühafizə orqanları millətçi "Rus icması" təşkilatının nümayəndələri ilə birgə vaxtaşırı bazarlarda, məscidlərdə, hamamlarda və kafelərdə reydlər keçirirlər.
DTX: Xaricdən videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bildirir ki, xaricdən videomüşahidə kameralarına müdaxilənin qarşısını alıb.
Qurumun iyulun 8-də yayılan məlumatına görə, Azərbaycanda ofislərdə, mənzillərdə quraşdırılmış videomüşahidə kameralarına internet üzərindən məsafədən icazəsiz qoşularaq şəxsi və ailə sirri təşkil edən görüntülərin ələ keçirilməsi ilə bağlı texniki tədbirlər görülüb.
Vurğulandığına görə, araşdırmalarla videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub: "Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilmiş, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb".
DTX-nin əlavə etməsinə görə, aidiyyəti xarici istehsalçı şirkətdən təhlükəsizlik boşluğunun aradan qaldırılması tələb edilib, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub.
DTX hər hansı ölkə və ya fərd adı çəkməyib.
Polisin sosial müdafiəsi gücləndirilir

Milli Məclis "Polis haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiqləyib.
AZƏRTAC-ın xəbərinə görə, sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyində yer alıb.
Dəyişiklik polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə izah edilib.
Qanunda yeni müddəalara əsasən, müəyyən maliyyə vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək.
Bu vəsaitlər aşağıdakılardan ibarətdir:
1. Polis orqanları tərəfindən aparılan istintaq çərçivəsində dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə köçürülən məbləğin 5 faizi;
2. Cinayət məsuliyyətindən azad edilmə üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinə edilən ödənişlərin 5 faizi.
Xatırlatma
Bundan əvvəl də bir sıra sahələr üzrə Azərbaycanda qanunvericiliyə oxşar dəyişiklik edilib. Söhbət toplanan cərimələrin müəyyən hissəsinin həmin sahədə əmək haqlarının artırılmasına ayrılmasından gedir.
Qanunvericiliyə belə dəyişikliklər cəmiyyətdə, bir qayda olaraq, birmənalı qarşılanmır. Bir sıra ekspertlər hesab edirlər ki, həmin dəyişikliklər əhalinin sosial müdafiəsində balansın pozulmasını daha da dərinləşdirir.
Tramp: ABŞ Ukraynaya bəzi silahların tədarükünü davam etdirəcək

İyulun 7-də ABŞ prezidenti Donald Tramp deyib ki, onun ölkəsi Ukraynaya özünü Rusiyanın hücumlarından müdafiə etmək üçün daha çox silah göndərəcək.
Tramp Ağ evdə jurnalistlərə bildirib: "Biz daha çox silah göndərəcəyik. Göndərməliyik. Onlar özlərini müdafiə edə bilməlidirlər. İndi çox ağır zərbələr alırlar".
O, İsrailin baş naziri Benyamin Netanyahu ilə şam yeməyinin əvvəlində danışarkən deyib ki, ABŞ ilk növbədə müdafiə silahları göndərəcək.
Prezidentin bu şərhi Pentaqonun keçən həftə Ukraynaya bəzi silahların göndərilməsinin dayandırılacağı barədə yaydığı açıqlamaya zidd görünür.
Ukrayna Vaşinqtondan daha çox "Patriot" raketləri və sistemlərinin satılmasını istəyir. Bu silahlar, demək olar ki, hər gecə davam edən Rusiya hava zərbələrindən Ukrayna şəhərlərini müdafiə etmək üçün vacib hesab olunur. Ukrayna prezidenti Volodimir Zelenski iyulun 7-də gecə yayımlanan videomüraciətində bir daha "Patriot" hava müdafiə bölmələrinin əhəmiyyətini vurğulayıb: "Biz xüsusilə Amerika tərəfi ilə "Patriot"lar və onlar üçün raketlərlə bağlı müvafiq qərarlar üzərində işləyirik".
İyulun 4-də prezident Trampla telefon danışığından sonra Zelenski deyib ki, Rusiyanın hücumları artdıqca, Kiyev səmanı müdafiə etmək qabiliyyətinin gücləndirilməsi üzərində işləyir. O, Trampla birgə müdafiə istehsalı, satınalma və investisiyaları müzakirə etdiyini bildirib.
Tramp da bu telefon danışığından sonra bəyan edib ki, Ukrayna özünü müdafiə etmək üçün "Patriot" raketlərinə ehtiyac duyur, lakin iyulun 7-də verdiyi açıqlamada konkret olaraq silahların adını çəkməyib.
Tramp münaqişəyə son qoymaqda qərarlı olduğunu bildirib və Rusiya prezidenti Vladimir Putinlə artan məyusluğunu yenidən dilə gətirib.
"Mən prezident Putindən, ümumiyyətlə, razı deyiləm",- Tramp deyib.
Tramp Putinı sülh danışıqlarına məcbur etmək üçün Rusiyanın neft sənayesinə yeni sanksiyalarla hədələmişdi, amma indiyədək bunu etməyib.
Rusiya pasportu olmayanlar da Rusiya ordusunda xidmət edəcək

Rusiya prezidenti Vladimir Putin iyulun 7-də hərbi mükəlləfiyyətli şəxsin yaşayış yerini dəyişməsi barədə hərbi komissarlığa məlumat vermədiyi təqdirdə cərimələrin artırılmasını nəzərdə tutan qanunu imzalayıb
Qanun layihəsi fevralda Dövlət Dumasına təqdim edilib. Təşəbbüsün müəllifləri Dumanın Müdafiə komitəsinin üzvləri olub.
Sənədə əsasən, bu cür hüquq pozuntusuna görə cərimə 10 min rubldan 20 min rubla qədər təşkil edəcək. Yeni qanun qüvvəyə minməzdən əvvəl bu cərimələr min rubldan 5 min rubla qədər idi. Yeni qanun hərbi mükəlləfiyyətli şəxslərə, eləcə də gələcək çağırışçılara şamil olunur.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə hərbi qeydiyyat üzrə vəzifələrin yerinə yetirilməməsi maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunanlar arasında ən çox cərimə məhz yaşayış yerini hərbi komissarlığa bildirməyənlərə tətbiq edilib. Təkcə 2023-cü ildə bu səbəbdən 29 min nəfər cərimələnib. Daha 18 mindən çox şəxsə xəbərdarlıq verilib.
İyulun 7-də prezident Putin tərəfindən imzalanmış digər qanunlar arasında vətəndaşlığı olmayan şəxslərin Rusiya ordusunda xidmət etməsinə imkan verən düzəlişlər də var.