Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyanı tərk edib. O, bundan əvvəl Rusiya vətəndaşlığından məhrum olunmuşdu.
"İzvestiya" hava limanından İbrahimovla video yayımlayıb. O, deportasiya qərarının onun üçün gözlənilməz olduğunu, buna görə "bir az" üzüldüyünü deyib.
İbrahimovun 30 ildir Rusiyada yaşadığı vurğulanır.
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
Moskva vilayəti üzrə Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov "Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə görə" Rusiya vətəndaşlığından məhrum edilib. Qərar iyunun 18-də qəbul edilib.
İbrahimov 1967-ci ildə Ucarda doğulub. 1997-ci ildən Moskva vilayətində yaşayıb, 2018-ci ildən azərbaycanlıların regional muxtariyyətinə rəhbərlik edib.
2018-ci ildə Moskva vilayətinin qubernatoru seçkiləri zamanı o, Andrey Vorobyovun vəkili kimi çıxış edib.
Rusiya Azərbaycandan pomidor idxalını dayandırarsa...
Peskov: Moskva və Bakı yaxın tərəfdaş kimi qalmalıdır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya ilə Azərbaycan yaxın tərəfdaş, müttəfiq kimi qalmalıdır və yaranan bütün məsələlər konstruktiv şəkildə həll edilməlidir.
"Biz hələ də bu mövqedəyik, məntiq yalnız bir şeyi deyir: Rusiya ilə Azərbaycan ən yaxın tərəfdaş və müttəfiqdir, belə də qalmalıdır. Bu iki ölkəni ortaq tarix, ortaq bu gün və ortaq gələcək birləşdirir", - o, jurnalistlərə bildirib.
Peskov əlavə edib ki, Rusiyanın Bakıdakı səfirliyi və Xarici İşlər Nazirliyi Azərbaycan tərəfi ilə daimi əlaqədədir. Onun vurğulamasına görə, qanunvericilik və mövcud diplomatik təcrübədə nəzərdə tutulmuş bütün imkanlardan istifadə edilərək saxlanılmış Rusiya vətəndaşlarının maraqları qorunur.